ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri dəyişdirilə bilər - Açıqlama


Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı əks-hücum əməliyyatı uğurla davam edir. Qüvvətli Azərbaycan Silahlı Qüvvələri həm texnika, həm də canlı qüvvə baxımından üstünlüyü qorumaqdadır. Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycan xalqı 30 il gözləyib. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı verdiyi dörd qətnaməyə baxmayaraq moderatorlardan heç biri, o cümlədən ATƏT-in Minsk qrupuna üzv ölkələr Dağlıq Qarabağ münaqişəsi məsələsində qəti mövqe sərgiləmək istəmirlər. ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli istiqamətindəki səyləri uzun illərdir ki, həm də Yeravanın pozucu mövqeyinə görə nəticəsiz qalır. Qarabağın Azərbaycanın əzəli torpaqları olduğu beynəlxalq hüquqda da öz əksini tapıb.
 
Ümumiyyətlə, quruma sədrlik hansı əsaslarla keçirilir? Bu ədalətsizliyə son qoymaq üçün 27 ildir ki, bir iş görməyən ATƏT-in Minsk qrupunun həmsədrləri niyə dəyişmir?
 
Bu barədə "Correct.az"a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, artıq ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin dəyişilməsi məsələsi gündəmdədir:
 
"ATƏT-in Minsk qrupu BMT-nin mandatı əsasında 27 ildir ki, formalaşıb. Lakin bu qurum illərdir ki, heç bir həll variantı ortaya qoya bilməyib. İşğalçı dövlətlə, işğala məruz qalan Azərbaycanı eyni tərəziyə qoyub. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya və Fransa artıq fiyaskoya uğrayıb. Bundan sonra da onların iştirakı ilə aparılan danışıqlar səmərəsiz olacaq. Bu üç ölkə Rusiya, Fransa, Avropa İttifaqını təmsil edir. ABŞ kimi beynəlxalq güclər çalışır ki, öz geosiyasi maraqları çərçivəsində prosesdə rol alsınlar.
Azərbaycan artıq status-kvonu dəyişib. Ümumiyyətlə, həmsədr institutunun tərkibinin dəyişdirilməsi lazımdır. Amma Rusiya və Fransa buna qarşı çıxır. Beynəxalq müstəvidə rol oynadıqları üçün Azərbaycana müəyyən təzyiqləri var. Hazırda Azərbaycan qəti şəkildə Türkiyə faktorunu ortaya qoyub. Həmsədr dövlətlərin dəyişdirilməsi məsələsi gündəmdədir. Bu məsələ ilə bağlı keçən həftə Vladimir Putin müsahibəsində formatda dəyişiklik edilməsi ehtimalını qeyd edib. Bu da Türkiyənin həmsədrliyə gəlməsinə əsaslanır. Düşünürəm ki, döyüş meydanında üstünlüyü qoruyan Azərbaycan burada da tələblərini diqtə etməklə siyasi tələbləri reallaşdıra bilər.
Qurumda olan həmsədr dövlətlərdən hər hansı biri üstün mövqeyə malik deyil. ATƏT-in Minsk qrupunun həmsədrlərinin sırasında Almaniya, Türkiyə kimi böyük dövlətlər təmsil olunmalıdır. Hələ ki, danışıqlar əvvəlki formatda davam etsə də, Azərbaycanın diplomatik uğuru həmsədr dövlətlərin də dəyişməsinə gətirib çıxaracaq".
 
Aygün Mustafayeva
 
Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251