İran Hadrutda yaşayan erməniləri mavi yanacaqla təmin edib? – İddialar gündəmdə - Foto


Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması ermənipərəst ölkələrin, xüsusilə İranın Ermənistanı açıq şəkildə dəstəkləməsinə mane olur. Bu baxımdan İran münasibətləri korlamamaq xatirinə Azərbaycana dəstək bəyənatları versə də, yenə də gizli yollarla ermənilərə köməyini də əsirgəmir. Son günlərdə İranın Hadrutu mavi yanacaqla təmin etməsi ilə bağlı məlumatların yayılması da bunun bariz nümunəsidir.

Bəs bu məlumatlar həqiqəti əks etdirirmi? Bütün bunlar beynəlxalq hüquqa zidd deyilmi? İran müsəlman ölkəsi olduğu halda, Azərbaycana qarşı niyə düşmən mövqeyindədir?

Bu barədə Correct.az-a açıqlama verən politoloq Ramid Hüseynov Rusiyadan kreditlə qaz alan Ermənistanın Dağlıq Qarabağdakı yaşayış məntəqələrini bu mavi yanacaqla təchiz etməsinin imkansız göründüyünü qeyd edib:

“Müharibə başlayandan bəri Ermənistanın Azərbaycana qarşı təcavüzü və təxribatçı hərəkətinə müsəlman ölkəsi olaraq İranın bu və ya digər formada dəstək verməsi çox böyük məyusluq doğurdu. İstər müasir texnologiyanın mövcud olduğu bir şəraitdə, istərsə də peykdən çəkilmiş video və fotolar təkzibedilməz həqiqətləri ortaya çıxardı.

Əsasən də, Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrində çəkilmiş mavi yanacaq xətlərinin görünməsi çox ciddi suallar doğurur. Enerji resursları olmayan, bu baxımdan Rusiyadan kreditlə qaz alan Ermənistanın Dağlıq Qarabağdakı yaşayış məntəqələrini bu mavi yanacaqla təchiz etməsi imkansız görünür.

Dağlıq Qarabağın Rusiya ilə müqayisədə İranla həmsərhəd olması və Ermənistan-İran arasında illərdir davam edən isti münasibətlər regionun qaz təchizatının sözügedən ölkə tərəfindən həyata keçirilməsi qənaətini yaradır. Şübhəsiz ki, İran tərəfi həmişəki kimi bu faktı nə təkzib, nə də etiraf edir. Xüsusilə də döyüşlərin getdiyi ilk günlərdə belə İranın siyasi rəhbərliyinin verdiyi bəyənatlar Ermənistana olan dəstəyini açıq-aşkar göstərdi. Bu dəstəyi ilə bir daha İran regiondakı geosiyasi və geoiqtisadi maraqlarını qoruyub saxlamağa çalışdığını nümayiş etdirdi.

Düzdür, sonrakı günlərdə İranın hakim elitası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər səsləndirilməsi və erməni terrorçularına silah və ərzaq verməsini dayandıran addımlar atılması İran daxilində baş qaldırmış etirazları sakitləşdirməyə hesablanmışdı. Çünki ölkədə yaşayan təxminən 35 milyonluq azərbaycanlının bu hadisəyə laqeyd qalmaması və mübarizəyə başlaması İran üçün ciddi sosial-siyasi problemlərə yol açacağı qorxusunu yaratmışdı.

Digər tərəfdən İran tərəfi də yaxşı bilir ki, Azərbaycan onun üçün iqtisadi-siyasi cəhətdən Ermənistanla müqayisədə daha çox vacib əhəmiyyətə malikdir. İki ölkəni birləşdirən tarixi, mədəni, etnik-siyasi əlaqələr son zamanlar yüksək səviyyədə inkişaf etməkdədir. Xüsusilə də enerji daşıyıcılarının, şimal-cənub nəqliyyat dəhlizinin genişlənməsi hər iki ölkənin iqtisadiyyatına ciddi gəlirlər gətirməkdədir. Bununla paralel Ermənistanla olan münasibətlər İran üçün daha çox qərblə siyasi münasibətləri tənzimləmək və müəyyən məqsədləri həyata keçirmək üçün bir vasitədir. Deməli, İran Azərbaycanın hazırkı vəziyyətdə qalmasında daha çox maraqlı görünür. Belə ki, münaqişənin davam etməsi, mövcud status-kvonun qalması Azərbaycanın imkanlarını qismən də olsa məhdudlaşdırır. Əks təqdirdə ərazi bütövlüyünü, suvereniyini bərpa etmiş, daha güclü iqtisadiyyata, hərbi qüdrətə sahib olan Azərbaycan dövlətini qonşuluğunda görmək İranı da narahat edir.

Baxmayaraq ki, Azərbaycan bütün qonşuları ilə dost və sülh şəraitində yaşamasını hər zaman sözdə və əməldə göstərir. Bunu ölkəmizin apardığı xarici siyasətin mahyyətindən də görmək olur. Xüsusilə də xalqın milli mənafeyinə söykənən siyasət yürüdən Azərbaycan ilk növbədə regionun təhlükəsizliyində və sabitliyində daha çox maraqlıdır.

Belə qənaətə gəlmək olar ki, istər beynəlxalq, istərsə də regional güclər təcavüzkar Ermənistan ilə Azərbaycana eyni münasibət bəsləməz, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu nəzərə alaraq, bu münaqişənin tez bir zamanda, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mane olmazlar.”

Tərlan Qəhrəmanova
Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251