“Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni əsirlərlə dəyişdirilə bilər” - Açıqlama


Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən etibarən bu günə kimi Ermənistan tərəfi mülki əhali arasından qeyri-qanuni şəkildə girovların götürülməsinə davam edib. 2014-cü ildə Kəlbəcər rayonu ərazisində Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz şəkildə girov götürülməsi və qondarma Dağlıq Qarabağ Respublikasının "məhkəmə"si tərəfindən azadlıqdan məhrum edilmə haqqında qərar qəbul edilməsi buna bariz nümunədir. Həmçinin birinci Qarabağ müharibəsi dövründən bu günə qədər 872 itkin düşmüş şəxsin əsir-girov götürülməsi barədə məlumat var.
Bəs hazırkı döyüşlər ərəfəsində Şahbaz Quliyev və Dilqəm Əsgərovun, eləcə də digər əsir-girovların geri qaytarılması baş tuta bilərmi? Beynəlxalq hüquq buna icazə verirmi və bu mövzuda danışıqlar aparılırmı?

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İsgəndərli Correct.az-a verdiyini açıqlamada əsir və girovların qaytarılmasının mümkün olduğunu bildirib:

"İlk olaraq əsir və girov anlayışlarını fərqləndirmək vacibdir. Əsirlər hərbi qüvvələrin üzvləridir və bilavasitə döyüş əməliyyatları zamanı müəyyən səbəblərdən düşmən əlinə düşürlər. Cenevrə konvensiyasının 3-cü maddəsinə əsasən dinin, irqi, əqidəsi, mənşəyini əsas götürülərək heç bir halda həmin şəxslərə işgəncə tətbiq olunmamalı, insani münasibət göstərilməlidir. Bunun bariz nümunəsi kimi Azərbaycanda hərbi əsirlərin normal şəraitdə saxlanılması göstərilə bilər. Girovlar isə müharibə zamanı mülki əhalinin içərisindən götürülən şəxslərdir. Girovlar beynəlxalq hüquqla tam qorunur. Ümumiyyətlə, Cenevrə konvensiyasının 1977-ci il 2-ci əlavə protokoluna görə müharibə dövründə girovların götürülməsi qəti qadağandır.

Əsir və girovların dəyişdirilməsinə gəldikdə isə bu iki tərəfin də razılığı ilə humanitar atəşkəs zamanı yerinə yetirilməlidir. Cenevrə konvensiyasının 15-ci maddəsinə əsasən müharibə gedişatında yaralıları, döyüş meydanında qalmış şəxsləri, həmçinin meyitləri dəyişdirmək üçün humanitar atəşkəs elan olunur.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi mülki şəxs olduqlarına görə təmamilə qeyri-qanuni idi. Xüsusən də qeyd etmək lazımdır ki, onlar haqqında DQR-in qeyri-legitim məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmə barəsində qərar verilib. Bu təmamilə beynəlxalq hüquqa ziddir. Bu məsələlərlə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyası fəaliyyət göstərir. Düşünürəm ki, mövzu ilə bağlı problemlər həllini tapacaq".

Hüquq müdafiəçisi Anar Məmmədli bu prosesin hazırda çətin olduğunu qeyd edib:

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasında həmin şəxslərlə bağlı məlumatlar var və düşünürəm ki, mütəmadi olaraq bu məsələlərlə bağlı danışıqlar aparılır. Yaxın günlərdə oxuduğum məlumata görə Azərbaycan əldə olan hərbi əsirləri qarşılıqlı şəkildə dəyişməyi təklif edib. Bu o deməkdir ki, Azərbaycan əsir götürülmüş heç bir şəxsi öz ərazisində saxlamaq istəmir. Eyni zamanda xatırlatmaq istərdim ki, oktyabrın 9-da Moskvada baş tutmuş görüşdə də humanitar atəşkəs elan olunması, əsir və meyitlərin dəyişdirilməsi haqqında qərar verildi.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinin də mümkün olduğunu düşünürəm. Sadəcə hazırda müharibə davam etdiyinə görə, qarşı tərəfin bu şəxsləri təqdim edəcəyini demək çətindir. Bütün hallarda bu prosesin aparılması ilə bağlı heç bir problem yoxdur. Həmçinin birinci Qarabağ müharibəsi dövründə də əsir düşmüş və taleyindən hələ də xəbərdar olmadığımız şəxslərlə bağlı da yenidən araşdırmalar aparıla bilər. Uzun müddət keçməsinə baxmayaraq onların da dəyişdirilməsi təbii ki, mümkündür. Sadəcə çalışmaq lazımdır ki, bu proseslə bağlı ardıcıl və sistemli iş görülsün".

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, həmin şəxslərin girov götürülməsi Azərbaycan qanunvericiliyinə ziddir:

"Hələ ki hazırkı döyüşlərdə əsir düşənlərin mübadiləsi prosesləri müzakirə olunur. 2014-cü ildə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə gəldikdə isə onlarla bağlı təmamilə qanunsuz formada qərar qəbul olunub və onlar qondarma DQR tərəfindən həbs olunublar. Baxmayaraq ki, həmin şəxslər Azərbaycanın rəsmi legitim ərazisində öz doğma torpaqlarını və ata-baba məzarlarını ziyarət edərkən tutulublar. Bu, Azərbaycan qanunvericiliyinə görə böyük cinayətdir. Ona görə də onların geri qaytarılması mümkün və qaçınılmazdır".

Fidan Vəliyeva
Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251