“Güclü dövlətlər öz mənafelərini güdürlər” – Müharibə cinayətləri masada


Müxtəlif dövrlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT, ATƏT, Avropa Birliyi tərəfindən qətnamələr qəbul edilib. Lakin illərdir bu sənədlərdə münaqişənin həqiqi səbəbləri düzgün qiymətləndirilməyib, təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoyulmayıb. İşğala münasibət bildirilmədiyi kimi Xocalı qətliamı, eləcə də digər erməni vəhşiliklərinə də hüquqi qiymət verilməyib. Bu məsələdə illərdir dünyanın səssizliyinə səbəb erməni lobbisidir yoxsa ədalətsiz mühitin olması? Nəyə görə indiyə qədər sanksiyalar tətbiq olunmayıb?

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Correct.az-a açıqlamasında güclü dövlətlərin daim öz mənafeləri çərçivəsində qərar aldıqlarını qeyd edib:

"Hazırda beynəlxalq münasibətlər sistemində ümumi vəziyyət dəyişməz olaraq qalır. BMT-nin Təhlükəsizlik Şurasının, həmçinin digər beynəlxalq təşkilatların qətnamələrinə, hüquqi sənədlərinə ikili standartlar çərçivəsində baxılır. Böyük dövlətlər belə qətnamələri yalnız öz mənafeləri çərçivəsində qəbul edirlər. Hesab edirəm ki, hazırda Azərbaycanın əks-həmlə hücumları BMT-nin qərarlarına əsaslanır. Buna baxmayaraq Azərbaycan haqlı mövqedəykən haqsızlığa məruz qalır. Buna səbəb Cənubi Qafqazın böyük dövlətlərin maraq dairəsində olmasıdır. Belə dövlətlər beynəlxalq hüququ ayaqlar altına ataraq bu məsələlərə münasibət bildirir və haqlı tərəfi haqsız çıxarır. Biz bunu Fransa, Rusiya və s. kimi dövlətlərin nümunəsində görürük. Həmin dövlətlər hazırda 90-cı illərdə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi, yəni özlərinin də imzaladığı qətnamələrə qarşı çıxırlar. Dünya elə bir sistemdə formalaşır ki, nə nizam, nə də hüquq tanınmır. Dünyada nəinki Azərbaycan, bir çox ölkələrin maraqları, haqları böyük dövlətlər tərəfindən tapdanır. Azərbaycana qarşı belə bir haqsız mövqenin olması, indiyə qədər Xocalı soyqırımı və digər erməni cinayətlərinə qarşı hüququ qiymət verilməməsi Azərbaycanın İslam ölkəsi olmasıyla, qərbdə islamafobiyanın hökm sürməsi ilə bağlıdır. Düzdür, erməni lobbisi bir əsrə yaxındır ki, qərbdə kök salıb, buna baxmayaraq Azərbaycan son 10 ildə erməni lobbisinin təsirini gözlə görüləcək qədər zəiflədib. Hazırda Azərbaycan həm döyüş meydanında, həm də xarici siyasətdə sözünü deyir. Azərbaycan qalib dövlətdir. Özünə olunan təzyiqlərə də lazımi şəkildə və yerindəcə cavab verir".

Fidan Vəliyeva
Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251