“Bunun məsuliyyətsizlik və vicdansızlıq olduğunu düşünürəm” - Vasif İsmayıl


Son günlər koronavirusa yoluxan xəstələrin özbaşına evi tərk etməsi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumatlar intensivləşib. Ölkədə yoluxma sayının kəskin şəkildə artması da vətəndaşların karantin qaydalarına tam riayət etmədiyini açıq şəkildə göstərir. Lakin virus daşıyıcıları yaranmış vəziyyəti izah edərkən tamamilə fərqli arqumentlər irəli sürürlər. Onların sözlərinə görə, evdə müalicə almaq üçün Səhiyyə Nazirliyi tərəfindən heç bir dərman preparatı ilə təmin edilmirlər. Nəticədə məcbur qalaraq toplum içərisinə çıxmalı olurlar.

Tibb üzrə fəlsəfə doktoru, Uroloq-androloq Vasif İsmayıl məsələ ilə bağlı açıqlamasında bildirib ki, həqiqətən də, koronaviruslu xəstələr dövlət tərəfindən lazımi dərmanlarla təmin olunmalıdırlar:

“Lakin onların bunu bəhanə kimi göstərib digər insanları riskə atmağa ixtiyarları yoxdur. Onlar müalicə üçün öz ailə əlaqələrindən istifadə edə bilərlər. Həmçinin xəstələrdə sahə həkimlərinin telefon nömrələri var. Sahə həkiminə zəng edərək lazımi preparatlarla təmin olunmalarını tələb edə bilərlər. Düzdür, burada o fakt da var ki, bu təminat yoluxmuş insanların istəkləri əsasında yox, qəbul olunmuş protokola uyğun həyata keçirilməlidir”.

Həkim hesab edir ki, vətəndaşların əsas gətirdiyi bu arqument çox zəif və zərərlidir:

“Onların işlərini itirməmək üçün də karantin qaydalarını pozma ehtimalları var. Mən məhz bu faktorun və insan məsuliyyətsizliyinin yoluxmada aparıcı rol oynadığını düşünürəm. Koronavirus daşıyıcılarının bəziləri özəl qurumların işçiləridir və ola bilsin ki, müəssisə rəhbəri onlardan işə gəlmələrini tələb edir, bu səbəblə onlar vəziyyəti gizlədirlər. Bəziləri isə öz iş yerlərinə sahibdirlər, məsələn, taksi sürücü, qəssab, dükan sahibi olan vətəndaşlar var. Onlar virusa qətiyyən fikir verməyərək çölə çıxmağa çalışırlar. Beləliklə, digər vətəndaşların da həyatını riskə atırlar. Bunun məsuliyyətsizlik və vicdansızlıq olduğunu düşünürəm”.

Vasif İsmayıl qeyd edib ki, yoluxmuş insan sayına görə, müəyyən tədbirlər görülsə də, əvvəlki dövrlə müqayisədə hökumət tərəfindən virusla mübarizədə daha yumuşaq addımlar atılır:

“Əgər yoluxma sayı bu sürətlə armağa davam edərsə, yəqin ki, daha sərt tədbirlərin də şahidi olacağıq”. (Yenisabah.az)

Şikayətiniz varsa Whatsapp: 0505165251