Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı -Rəsmi


Qusar rayon prokurorluğuna daxil olan vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov, inzibati məsələlər üzrə direktor müavini Nəzakət Salmanova və maliyyə şöbəsinin müdiri Eldar Məhsimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qulluq mövqeyinə qəsdən zidd olaraq xəstəxananın Təxirəsalınmaz Tibbi Yardım bölməsinin bir neçə əməkdaşına COVID-19 pandemiyası ilə bağlı mübarizə tədbirlərinə cəlb edilmələrinə görə ödənilməli olan müddətli əlavələri mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. 

Bununla bağlı rayon prokurorluğundan məlumat verilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.\azmedia.az