Deputatdan saxta əlilliklə bağlı açıqlama


Dünya dəyişir, texnoloji vasitələr daha da inkişaf etdikcə həyatın bütün sahələrində yeni yanaşmaların tətbiq olunması qaçılmaz olur. Son illər ərzində hər bir sahədə subyektiv təsirləri azaltmaq, xüsusilə də məmur-vətəndaş təmaslarını minumuma endirməklə bir çox neqativ və xoşagəlməz halların da qarşısı alınmış olur. Əvvəliki illərdə xoşagəlməz halların daha çox rast gəlindiyi sahələrdən biri də əlillik dərəcələrinin təyin olması məsələləri olmuşdur. Belə ki, müxtəlif subyektiv yanaşmalar və məqsədli şəkildə qəbul edilmiş qərarlar nəticəsində saxta əlillik dərəcələri təyin olunur, ayrı-ayrı şəxslərin əvvəlcədən müəyyən maraqlar əsasında razılaşmaları sonda dövlət büdcəsinə zərər vurmuş olurdu. Rəsmi rəqəmlərə nəzrə saldıqda da bu fikirlər öz təsdiqini tapmış olur. Hazırda Azərbaycanda əlilliyin ümumi göstəricisinin əhalinin 6%-i olmasına baxmayaraq, pensiya sistemində əlilliyi olan şəxslərin payı 30%-dir. Beynəlxalq təcrübəyə nəzər salsaq, bu göstərici digər ölkələrdəki indikatorlardan (12-20%) əhəmiyyətli dərəcədə çoxdur. Bu isə uzun illər əlillik məsələsindən sui-istifadə edildiyinin, haqsız qazanc əldə etmək üçün saxta yollarla əlillik rəsmiləşdirildiyinin bariz nümunəsidir.

Artıq ölkəmizdə əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin elektron sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Elektron ifrastrukturun qurulmaması saxta formada təyin edilmiş əlillik dərəcələrin də üzə çıxarılmasına şərait yaradır. Əlilliyi geridönməz olan şəxslər istisna olmaqla digər əlillik dərəcəsi verilmiş şəxslər məlum olduğu kimi müəyyən bir müddət ərzində təkrar müayinələrdən keçirlər. Təkrar müayinələr prosesində saxta əlillik dərəcələrinin təyin olnması hallarının da şahidi olmaq mümkün olur. Son zamanlar hər bir sahədə olduğu kimi səhiyyə və aidiyyatı müəssələrdə aparılan şəffaflaşdırma siyasəti nəticəsində əvvəlki illərdə yol verilmiş neqativ hallar aradan qaldırılır, dövlətə vurulan zərərin qarşısı alınır, eyni zamanda haqqı pozulmuş və əlil olduğu halda öz haqqını ala bilməyən şəxslərin hüquqları bərpa olunur. Son illərdə ilkin mərhələdə 7000-dən çox saxta əlillik təyinatları aşkarlanaraq ləğv edilib, nəticədə illik 30 milyon, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb. Növbəti mərhələdə isə müraciətlərdən sonra 10 min, ümumilikdə isə 17 min saxta əlillik dərəcəsi ləğv edilmişdir.

Təkrar müayinə vaxtı çatan əlillik dərəcəsi olan şəxslərin heç də hamısının əlillik dərəcəsi ləğv edilmir və edilə də bilməz. Söhbət burada saxta əlillik dərcəsindən və reabilitasiya olunaraq əlilliyi bərpa olunanlardan gedir. Müayinə müddətində vəziyyəti müəyyənləşdiriləcək şəxslərə pensiya ödənişlərinin dayandırılması da o anlama gəlmir ki, həmin şəxslərin əlillik dərəcələri ləğv edilib və pensiya təminatı ləğv edilib. Xeyr, bu belə deyil! Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə, xüsusilə də özünü müxalifət adlandıraraq anti-Azərbaycan dairələrin təlimatları əsasında ölkədə vətəndaşlarla dövlət arasında inciklik, nifaq salmaq məqsədi güdən qaragüruhlar adi bir iş prosesindən istifadə edərək siyasi manipulyasiyalar etməyə çalışırlar. Bəzən sadə vətəndaşlar da bu kimi əsassız məlumatlara inanırlar. Əgər bir vətəndaşın doğurdan da əlilliyi varsa, işləmək qabiliyyəti sıradan çıxıbsa nə üçün ona əlillik dərəcəsi verilməsin ki?! Yaxud da ki, əksinə, iki şəxsin şəxsi maraqları naminə razılaşması əsasında dövlət büdcəsinə nə üçün ziyan vurulmalıdır?!

Bir halda ki, Vətən müharibəsindən sonra hərbi əməliyyatlar zamanı sağlamlığını itirmiş kifayət qədər sayda soyadaşlarımız vardır ki, onların da sosial rifah halı daim dövlətimizin nəzarətindədir. Müharibə əlillərinin müayinə-müalicə xərcləri dövlətimiz tərəfindən qarşılanır, eyni zamanda onlara aylıq müavinətlər də ödənilir.

Bundan əlavə olaraq son illər ərzində ölkəmizdə reabilitasiya infrastrukturu müasir tələblər çərçivəsinə yenidən qurulmuş, əlilliyi olan şəxslər həmin reabilitasiya mərkəzlərində sağlamlıqların bərpasına nail olurlar. Həmçinin əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sahəsində də mühüm işlər aparılır. Təkcə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə 1000-i təkərli oturacaq olmaqla 35 minə yaxın reabilitasiya vasitəsi verilib. İl ərzində ölkəmizin müxtəlif bölgələri üzrə 1252 əlilliyi olan şəxsə, o cümlədən Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 262 şəxsə ehtiyac duyduqları 7151 reabilitasiya vasitəsi yaşadıqları regionlara, bir qisminə evlərinə aparılaraq verilib. Postmüharibə dövründə də 15 hərbçi yüksək texnologiyalı müasir protezlə, əlavə olaraq 510 müharibə əlili 2400-ə yaxın reabilitasiya vasitəsi ilə təmin edilib, müharibədə yaralanmış qazilərin ilk dəfə olaraq mühərrikli təkərli oturacaqla təminatına başlanıb.

Azərbaycan dövləti sosialyönümlü dövlətdir və vətəndaşlarımızın sosial-rifah halının davamlı olaraq yaxşılaşdırlması üçün tədbirlər görülür. Eyni zamnda ölkə vətəndaşların sağlam və təhlükəsiz həyatın təmin olunması dövlətimizin əsas prioritetlərindəndir.


Cavid Osmanov

Milli Məclisin deputatı