Şeyx yola salınır? - Türkiyə ilə İranı müqayisə etmək...


Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin “Xameneyinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ölkədə və Türkiyədə birmənalı qarşılanmayıb. Şeyxin bu açıqlaması ciddi müzakirələrə yol açıb. Hətta gözlənilmədən QMİ sədrinin bu fikirlərinə rəsmi sayılan mediada sərt cavablar verilib. Həmçinin Türkiyənin “Haber Global” televiziyasında gedən süjetdə Paşazadənin açıqlaması absurd adlandırılıb və sual olunub ki, Azərbaycan əsgərinin cəbhədə qanı və canı ilə qazandığı zəfərə ermənipərəst İran necə olur ki, şərik göstərilir?

Şeyxi bu çıxışına görə ittiham edənlər Türkiyənin dəstəyini və döyüşən hərbçilərimizin rolunu qiymətləndirməməsindən təəssüfünü ifadə edib. Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri -  M.Mücahit Küçükyılmaz da Şeyxə ironiyalı cavab yazıb: “Demək ki, Xameneyi Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş” deyə o sosial şəbəkədə yazıb.

Özü isə yenidən müsahibə verib, deyib ki, heç bir dövlətin qucağında əyləşməyib: “Təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimi olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir”. Şeyx qeyd edib ki, onu ittiham edənlər ölkədə sünni-şiə qarşıdurması yaratmağa çalışır: “Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam,  nə İranın, nə də Türkiyənin adamı deyiləm. Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfərlərlə mən bunu sübut etmişəm, ömrümü  düzgün yaşamışam.  Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər.

İran da bizim qonşumuzdur. Türkiyə də qonşumuzdur. Türkiyə bizim həm də yaxın qardaşımız, dostumuz, həmişə bizim yanımızda olan dövlətdir. İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orada 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır".

Şeyx Xameneyi ilə bağlı açıqlamanı verdiyi ilk günlərdə əksəriyyəti bunu  Azərbaycanın İran siyasətinin anonsu kimi dəyərləndirirdi. Lakin üstündən bir neçə gün keçdi, məlum oldu ki, dövlət bu cür açıqlamadan heç də məmnun olmayıb, elə iqtidaryönlü mediada Şeyxin sərt tənqid olunması da bunun göstəricisi idi. Bəs Şeyxin İran açıqlaması onun sonunu gətirə bilərmi? Maraqlıdır, bunu bilərəkdən edib, yoxsa təcrübəsizlik nümayiş etdirib?

AĞ Partiyanın başqanı, inanclı siyasətçi Tural Abbaslı “Yeni Müsavat”a qeyd etdi ki, A.Paşazadə siyasətçi deyil, çıxışlarında korrekt olmaya bilər. Partiya sədri hesab edir ki, Şeyx siyasi həssassiyyətləri nəzərə almaq baxımdan geniş bilgilərə malik deyil, həm də yaş faktoru var.

“Məncə, elə demək istəməyib. Ancaq bu açıqlamadan yaranan narazılıq Şeyxdən daha çox İrana olan münasibətdir. Çünki İranın yürütdüyü siyasət Azərbaycan cəmiyyətini razı salmayıb. Amma Şeyx hər iki müsahibədə İran və Türkiyə arasında paralellər aparır. İlk açıqlamasında hər ikisinə təşəkkür edir, ikinci müsahibədə isə deyir ki, mən bu iki ölkədən heç birinin adamı deyiləm, din adamıyam. Ona görə bunu nəzərə almaq lazımdır ki, Paşazadə siyasi fiqur deyil”, - deyə T.Abbaslı vurğuladı.

Onun fikrincə, bu məsələni çox şişirtmək olmaz: “Şeyx Azərbaycanın xarici siyasət kursunu müəyyən etmir. Təbii ki, Türkiyə ilə İranı müqayisə etmək olmaz, qüsurlu yanaşmadır. Biz İranla əlaqələri düzəltmək naminə Türkiyə ilə münasibətləri soyuda bilmərik. Ancaq Tehran da bilməlidir ki, bu siyasəti aparan özüdür, həm 1-ci, həm 2-ci Qarabağ müharibəsində Azərbaycan cəmiyyətini qane etməyən siyasəti ilə...

Şeyxə gəldikdə, fikirlərini dəqiq ifadə etməsi lazımdır. Çünki regionda həssas dönəmdir, dövlətlərin münasibətləri kövrəkdir, istənilən halda diqqət mərkəzində olan, çıxışları reaksiya doğuran bir din xadimidir".

Araşdırmaçı-yazar, inanclı jurnalist Rəsul Mirhəşimlinin bildirdiyinə görə, QMİ sədri adətən açıqlamalarında çox diqqətli davranan din xadimidir: “Özü də sonrakı müsahibəsində verdiyi açıqlamanın kontekstdən çıxarıldığını deyib. Lakin bütün hallarda QMİ sədri bu fətva barədə danışanda məlumatları dəqiqləşdirdikdən sonra açıqlama verməli idi.

İnsanların böyük əksəriyyəti bilir ki, Xameneyinin “Qarabağ İslam torpağıdır” fikri 44 günlük Vətən müharibəsi zamanı deyilən fikir deyildi. Hələ 2019-cu ildə bu ifadə Tehranın küçələrində plakat olaraq asılmışdı".

R.Mirhəşimli hesab edir ki, Azərbaycan Qarabağda işğal altında olan torpaqlarının azadlığına Ali Baş Komandanın qətiyyəti, Ordumuzun rəşadəti və hərbçilərimizin qəhrəmanlağı sayəsində nail olub: “Sonradan deyilmiş sözləri təkzib etmək məcburiyyətində qalan istənilən şəxs bu açıqlamanı verərkən də diqqətli olmalı idi. Bu açıqlamanın QMİ sədrinin vəzifədən gedəcəyinə yol açmasına dair yayılan məlumatlara inanmıram. Çünki QMİ sədri bu qurumun qurultayında seçilir. Qurultay da Allahşükür Paşazadəni ömürlük QMİ sədri seçib”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözlərinə görə, Şeyxi işdən çıxarmaq dövlət başçısının səlahiyyətində deyil: “Hacını Şeyx seçən bütün Qafqazın dindarlarıdır. Qafqazın şeyxi Bütün Qafqaz üzrə dindarların qurultayında seçilir. Bizim Şeyx isə ömürlük seçilib. Onun şeyx kimi vəzifədən getməsinə biz qərar verə bilmərik”.

Z.Əliyev bildirir ki, Şimali Qafqaz və Zaqafqaziya dini idarələri vahid qurumda - Qafqaz Müsəlmanları İdarəsində birləşiblər: “Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda - Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri Qafqaz Xalqları Ali Dini Şurasının sədrini seçə bilər, yaxud sədrlikdən geri ala bilər. Ona görə Şeyxin vəzifədən getməsinə ancaq bu şəxslər qərar verə bilər”.  (Yenisabah.az)