Astarı üzündən baha başa gələn evlər - Sənədsiz ev problemi niyə həllini tapmır?


Uzun illərdir sənədsiz evlərin qeydiyyata alınması məsələsi gündəmdə olsa da, proses ölü nöqtədən hələ də tərpənməyib.

"Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli bunun səbəblərindən danışıb.

O bildirib ki, məmurlar sənədsiz mənzillərin dövlət layihəsi əsasında təmənnasız olaraq sənədləşdirilməsində maraqlı deyil:

"Ölkədə bəlkə də 1 milyona yaxın qeyri-qanuni tikili var. Bazarda da sənədsiz evlərə maraq zəifdir. Həmin evlərin sahibləri sənədləşmə zamanı qeydiyyat üçün külli miqdarda qeyri-qanuni vəsait xərcləyir. Hər qurumun bu məsələdə öz payı var. Bu istiqamətdə insanlar bir mənzilin tikintisinə xərclədiyi pulun yarısı qədər, aşağısı 10-15 min manata kimi pul xərcləməli olurlar.

Ona görə də dövlət məmurları sənədsiz mənzillərin dövlət layihəsi əsasında təmənnasız olaraq sənədləşdirilməsində maraqlı deyil. Çünki sənədsiz mənzil kütləsinə həmin məmurlar "sağılan inək” kimi yanaşırlar”.

Ekspert qeyd etdi ki, bu özbaşınalıq nəticəsində dövlət və vətəndaş itirir, məmurlar isə qazanır:

"Belə özbaşınalıqdan vətəndaş və dövlət uduzur. Vətəndaş mənzilini girov qoya, sata, ora qeydiyyata düşə bilmir. Dövlət onların ödəməli olduğu əmlak vergisindən məhrum olur. Məmurlar isə prosesdən şəxsi qazanc əldə edir. Ona görə də sənədsiz evlərin sənədləşməsi prosesinin irəliləməsinə əngəl olurlar”.  (Sfera.az)